<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d16809011\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://imammehdi.blogspot.com/\x26vt\x3d-3073706158009143606', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Saturday, September 09, 2006


“Əziz Mövlanın - Imam Mehdi Sahib-əz-Zamanın (ə.f.) mövludu günlərini yaşayırıq, - deyə Içərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı Ilqar Ibrahimoğlu növbəti cümə xütbəsini başladı: Bu mübarək isim, özündə ədalət və əmniyyətin bərqərar olunmasını, zülmün aradan getməsini əks etdirir. Müvafiq olaraq, Həzrətin (ə.f.) zühurunun intizarında olmaq - Ilahi harmoniyanın bərpası həsrətini çəkmək deməkdir. Uca Allahdan diləyimiz budur ki, cəmi iman əhlinə, cəmi bəşəriyyətə intizar fəlsəfəsini anlayıb, yaşatmaq tofiqini nəsib etsin, inşəallah!".
ƏN BÖYÜK VÜCUDI SUAL
“Insan nə üçün xəlq olub” Insanın yaradılışında məqsəd nədir?" - kimi suallar nəinki tək müsəlmanları, dinindən, dünyagörüşündən asılı olmayaraq, ümumiyyətlə bütün insanları düşündürən suallardandır. Və müvafiq olaraq, hərə bu suala cavabın axtarışını bir cür aparır.Məsələn, bəziləri müxtəlif təcrübələr aparırlar ki, nəticəsində insanın nə səbəbə yaranmasını başa düşsünlər. Sözsüz ki, təcrübələr nəticəsində bəşəriyyət bir çox lazımlı bilgilər əldə etmişdir. Bundan əlavə, insanın hiss orqanları ilə duya bilmədiyi kateqoriyalar var ki, empirik yollarla onların da cavabı tapılmışdır. Amma, göstərilən sual o suallardandır ki, insan onun cavabını təcrübi yolla müəyyən edə bilməz!“Insan nə üçün xəlq olub?” sualı əslində elə kateqoriyaya aiddir ki, ona əqli yolla, təhlillə getmək, sonra nəqli mənbələrə müraciət etməklə cavablandırmaq gərəkdir. Mahiyyət etibarilə, insan təhlili yolla onu tapır ki, məhz hansı mənbəyə müraciət etməlidir. Ilk əvvəl, insan düşünüb belə nəticəyə gələcəkdir ki, onun bir yaradanı, xəlq edəni var. Xaliq, vücudverən olmasaydı, insan dünyaya gəlməzdi. Axı insan özünəkafi bir varlıq deyil, vacibəl-vücud, yəni, varlığı öz-özlüyündə vacib olan bir varlıq deyil. Demək, onu bir kənardan yaradan lazımdır, ona vücud verən, dünyaya gəlişinə səbəb olan bir varlıq gərəkdir. Sonra insan düşünüb anlaya bilər ki, onu yaradan varlıq mütləq kamal sifətlərə malik olmalıdır, çünki, naqislik ehtiyac gətirən xüsusiyyətdir və ehtiyaclılıq isə Vacibəl-vücudluqla ziddiyyət təşkil etdiyindən, qeyri-mümkündür. Düşünsə, insan anlayar ki, hər nə gözəl bir şey varsa, Yaradanına məxsusdur və hər nə ki, çirkinlikdir - Ondan uzaqdır".
PEYĞƏMBƏR (s) və IMAMLARIN (ə) MƏSUMLUĞU
Xətib təhlili davam etdirərək, bildirdi: “Sonra insan onun anlamına gələr ki, bəs Rəbbim məni yaradıb başlı-başına buraxmazdı. Ona uyğun olmazdı ki, insanı yarada və istedadların üzə çıxmaq yolunu göstərməyə, yaxşını-pisi bəlli etməyə. Beləliklə, insan düşüncələrini davam etdirib, anlayar ki, Yaradanı tərəfindən məlumatı çatdıran xüsusi vəzifələndirilmiş insanlar olmalıdır və həmin insanlar məsum - qətiyyən günah etməyən olmalıdır. Çünki, günah etsə, çatdırdığı məlumatın mötəbərliyi itər, hətta səhv, yanlış, təhrif olunmuş məlumat çatdırıb, insanları çaşqınlığa, əyri yola düçar edər. Belə olsaydı, Uca Allah (nəuzubillah!) mənasız iş görmüş olardı - necə ola bilər ki, məlumatı insana çatdırmaq istəyə və bunun dürüstlüyünün qeydinə qalmaya! Mənasızlıq isə Rəbbin mübarək zatına zidd bir məfhumdur, çünki, naqislikdir və ehtiyac gətirəndir. Deməli, peyğəmbərlər mütləq məsum olmalıdırlar. Daha sonra insan anlayar ki, Peyğəmbərin (s) Allah dərgahına getməsindən sonra, onun gətirdiyi təlimi anlaşdıran, izah edən xüsusi insanlar - Imamlar (ə) olmalıdır və yuxarıda göstərilən səbəbə görə, onlar də məsum olmalıdr ki, məlumatın çatdırılmasında təhrif olmasın”.
IBADƏT NƏDIR?
“Beləliklə, insan əqli yolla orayadək yetişir ki, suallarının cavabını almaq üçün hansı mənbəyə müraciət etməlidir. Ilahi Kitaba müraciət edir və ”Zariyat" surəsinin 56-cı ayəsində oxuyur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”.Beləliklə, aydın olur ki, insanın xəlq olunmasının, yaradılmasının hədəfi - ibadətdir. Insanın mövcudiyyətinin fəlsəfəsi ibadət etməkdədir. Yaxşı, bəs bu “ibadət” anlamında nələr əhatə olunur" Bax bu - əsas mövzudur. Ibadət tək namazla, orucla bitmir. Yaxşılıqlara dəvətlə, pisliklərdən çəkindirməklə, cihadla, zəkatla bitmir ibadət. Bunlar çox mühümdür, lakin mövzu bunlarla məhdudlaşmır. Ibadət - insanın Ilahi xidmətdə bulnmağıdır. Allahın məsləhət bildiyini etmək və qadağan etdiyindən çəkinməsidir. Ümumi halda, insanın özünü bəndəlik orbitinə daxil etməsidir ibadət. Həzrət Peyğəmbər (s) və Imamların (ə) mübarək yolu ilə getməsi, onların addımları ilə addımlarını qoymasıdır ibadət. Insan riyaziyyat oxuya, kimya ilə, fizika ilə məşğul ola, fransız dili oxuya, ev işləri ilə məşğul ola, bədii ədəbiyyat oxuya, idman edə bilər - niyyəti Ilahi rizayət, Allahın razılığı olarsa, bu - ibadətdir.Islamın ən böyük gözəliklərindən biri məhz burada gizlənmişdir. Islamda dünyəvi və qeyri-dünyəvi elmlər yoxdur. Islamda Allaha xatir və nəfsə xatir anlamları var. Ona görə də bütün səylərə baxmayaraq, qaraguruhçuluğu Islama yapışdıra bilməyirlər. Islam öz elmliyi, daxili cazibəsi ilə insanları haqq yola dəvət etməkdədir".
IBADƏTLƏRIN ƏN ÜSTÜNÜ HANSIDIR
"“Yaxşı, indi ki, ibadət belə bir mühüm kateqoriyadır, mütləq gərək təhlil edək görək ki, bunların ən üstünü hansıdır? Axı ibadətlərin xüsusilə təkidliləri var, ümdələri var. Ötən bəhslərdə toxunduq ki, namazın, orucun, zəkatın nə dərəcədə böyük əhəmiyyətləri var. Bunlar bünövrədir, bunlar olduqda digərləri barədə danışıla bilər. Nədir ibadətlərin zinəti? Bu sualın cavabını, təbii ki, dinimizdə axtarırıq. Həzrət Peyğəmbərdən (s) nəql edilən mübarək hədisdə bildirilir: “Ibadətlərin ən əfzəli, ən üstünü - (Zəmanə Imamının) fərəcinin intizarında olmaqdır”.Peyğəmbərimiz (s) buyurur ki, Zəmanə Imamının (ə.f.), gözlərdən qeyb olmuş Həzrətin (ə.f.) zühurunu gözləmək - ən üstün ibadətdir. Intizarda bütün digər ibadətlər əhatə olunur, özü də ən yüksək səviyyədə". “Intizar” sözünün mənasına gəldikdə, xətib bildirdi ki, burada çoxlu mənalar vardır: “Intizar - gözünü yola tikmək deməkdir. Bu, həm də kiminləsə görüşməyi və ya hadisənin baş verməsini anbaan gözləməkdir. Digər məna odur ki, bir kəsin, ya nəyinsə ümidinə qapılmaq. Və ya əziz şəxsdən, mühüm hadisədən nigaran olmaq. Hər an xəbər gözləmək. Dediyimiz intizarda bunların hamısı vardır. Həm gözlərin yolda qalması, hazırlıq, nigaranlıq, ümid və sair. Amma Həzrət Mehdinin (ə.f.) intizarında bunlardan əlavə, xüsusi çalarlar da vardır. Ariflər buyururlar ki, “Bu - yəqinin cövhəri, təqvanın qaymağı, saleh əməlin xülasəsidir”.Bir adam ki intizarda bulunur, şəkk-şübhə ona aid deyil. Bu - yəqin əhlidir, Allaha, Peyğəmbərə (s), Əhli-beytə (ə) yəqini vardır. Haramlardan çəkinəndir. Elə bir daxili haləti vardır ki, onu pisliklərdən qoruyur. Həzrət Mehdinin (ə.f.) intizarında olanın gözəlliklərə eşqi var, yaxşılıqlara iltizamı, kamallara şövqü var. O şəxs pisliklərin, mənfiliklərin aradan getməsinin intizarındadır, ədalətin, Ilahi harmoniyanın gəlişinin intizarındadır. Fərdlərin, toplumların kamallaşmasına intizarı var. Yerin, göyün, hər şeyin yaradılışının hədəfi insandır və buna görə intizarda olan şəxs bütün istedadların, kamalların zirvəyə çatmasını istəyir. Bəşəriyyətin çiçəklənməsini istəyir. Fərəcin intizarı hədəfi tapmaq üçün, məqsədə çatmaq üçün, qurmaq üçün edilən bir səydir. Mövlanın (ə.f.) intizarında olmaq - ona iqtida etmək, ona beyət etmək, itaət etmək deməkdir. Bu intizar - sabitqədəmliyin rəmzidir, istiqamət və ardıcıllığın, fədakarlığın sirridir. 14 əsrdir əzirlər, vururlar iman əhlini, amma sındıra bilmirlər. Bunun sirri məhz intizarda - umidlə, yəqinlə, kamala səylə səciyyələnən bir durumdadır.Intizar - inkişafın amilidir, müqavimətin əsasıdır, qələbənin zaminidir. Müntəzir olan daima dinamik hərəkətdədir. Intizar - hər baxımdan bəşəriyyəti inkişafa aparan amildir. Əqidənin səngəridir, düşüncənin gözətçisidir, Islamın və Quranın qələbəsinin gözləntisidir intizar".
ALLAH TƏALA HƏZRƏT MEHDINI (ə.f.) SEVƏNLƏRI SEVIR
“Dinimiz son dərəcədə mühüm bilir bu mətləbləri. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: “Hər kəs ki, Zəmanə Imamını tanımayan bir vəziyyətdə ölsə, cahiliyyə dövrünün ölümü ilə dünyadan getmişdir”.Dövrün Imamını tanımamaq, həqiqətdə dindən bixəbər olmaq deməkdir. Bu barədə Peyğəmbərimizdən (s) nəql edilən hədisdə bildirilir ki, Allah Təala ona xitabən buyurub: “Ya Muhəmməd! Əgər bəndələrimdən biri, o qədər Mənə (yəni, Mütəal Allaha) ibadət edə ki, bunun şiddət və çoxluğundan həlak ola, lakin, Mənim görüşümə onların (zəmanə Imamlarıının) rəhbərliyini inkar edən bir durumda gəlsə, o şəxsi atəşə daxil edəcəyəm. Ya Muhəmməd! Istəyirsən Imamları görəsən? Peyğəmbərimiz buyurdu: Bəli. - Bir addım irəli at və nəzər sal. .... və Qaim Hüccət onların arasında parlaq bir ulduz kimi idi. Dedim: Pərvərdigara! Bunlar kimlərdir? Buyurdu: Bunlar Imamlardır və bu da Qaimdir. Halalımı halal bilər, haramımı haram. Düşmənlərimdən intiqamımı alar. Ya Muhəmməd! Sev onu ki, Mən onu sevirəm və onu sevənləri sevirəm".Uca Allahdan diləyirik ki, bizləri, bütün inanc əhlini Həzrət Mehdini (ə.f.) həqiqətdə sevənlərdən qərar versin, inşəallah".
BU GECƏ ƏLIBOŞ QAYIDAN OLMAZ
Sonra imam-camaat Həzrət Mehdinin (ə.f.) yüksək dərəcəsini vurğulayan dini mətnləri məclisə cəmləşənlərin diqqətinə çatdırdı: “Həzrət Rəsulullahdan (s) nəql edirlər: “Mehdi - mənim övladlarımdandır. Adı adımdan, kunyəsi kunyəmdəndir".Imam Cəfər Sadiqdən (ə) nəql edirlər: “Həzrət Qaimin mövlud gecəsi dünyaya gələn insan mömin olar. Və əgər şirk torpağında dünyaya gəlsə, Allah Təala onu Imamın (ə.f.) bərəkəti ilə imana tərəfə çəkəcək”.Imam Muhəmməd Baqirdən (ə) Həzrət Mehdinin (ə.f.) mövlud gecəsi ilə bağlı nəql edirlər: “O gecə Qədr gecələrindən sonra ən üstün gecələrdəndir. Allah Təala o gecə bəndələrinə Öz fəzlindən əta edər və onları Öz kərəminə xatir bağışlayar. Bu bir gecədir ki, Allah Təala Öz müqəddəs zatına and içmişdir ki, heç bir istəyəni əliboş geri qaytarmayacaq, o kəslərdən savayı ki, Allahdan günah bir şeyi diləyərlər”.Başqa bir mübarək hədisdə Həzrət Mehdi (ə.f.) özü barədə buyurur: “Mən vəsilərin xatəmiyəm. Və mənim vasitəmlə Allah Təala əhlimdən və tərəfdarlarımdan bəlaları geri qaytarar”.Imam Həsən (ə) buyurur: “(Allah Təala Qaimin) mövludunu gizli və müqəddəs varlığını qeyb pərdəsilə saxladı ki, ta qiyam vaxtı heç kimin beyəti boynunda olmaya”.Burada dərin bir mətləb açıqlanır. Bildirilir ki, Imam Zaman ağanın (ə.f.) dünyaya gəlişinin gizli saxlanılmasının və sonradan vücudunun qeyb pərdəsi arxasında saxlanılmasının səbəblərindən biri də odur ki, onun zühuru zamanı heç bir zalım hökmdar deyə bilməsin ki, bəs o, mənim hakimiyyətimi tanımışdır. Allah Təala dünyanı ədalətlə dolduracaq əziz Imamın (ə.f.) gəlişini təcili etsin və bizləri bu mübarək zühuru tezləşdirənlərdən qərar versin, inşəallah!".
YAĞI DÜŞMƏN TORPAĞIMIZI ODA ÇƏKIR...
Xütbənin növbəti hissəsində Hacı Ilqar Qarabağ ətrafında cərəyan edən proseslərə toxundu: “Yağı düşmən vandalcasına torpaqlarımızı oda çəkməkdə davam edir. Abidələrimizi, məscidlərimizi viran edib, indi torpağı belə külə döndərmək istəyir. Gözəl anlayır ki, bu torpaq onun olası deyil, yoxsa niyə yandırırdı ki”! Informasiya sahəsində də müharibə davam edir. Bu yaxınlarda Rusiya Dövlət Teleradio Şirkəti üzdəniraq “Dağlıq Qarabağ respublikasının” “müstəqilliyinin” ildönümünə həsr edilmiş geniş reportaj vermişdir. Yalan və böhtanla dolu, üstəgəl separatçı rejimin cinayətkar “liderlər”i ilə istiqanlı ünsiyyətlə səciyyələnən bu reportac, şəhidlərin ruhuna, əsirlərin iztirablarına, didərginlərin məşəqqətlərinə qarşı, ümumilikdə Azərbaycana qarşı ağır təhqir kimi qiymətləndirilməlidir. Bu vəziyyətdə Rusiya rəsmiləri “telekanal redaksiya siyasətini özü müəyyənləşdirir” kimi mənasız bəhanələrlə yaxalarını məsuliyyətdən kənara çəkmək istəyirlər. Aydındır ki, rəsmi dövlət telekanalının xəbər və şərh siyasəti dəqiq elementlər əsasında formalaşdırılır və bunu hansısa müəllif proqramı kimi təqdim etmək cəhdi ancaq acı gülüş doğura bilər. Içərişəhər “Cümə” məscidinin dini icması olaraq biz bir daha baş vermiş təxribatı qətiyyətlə pisləyir və Rusiyanın əlaqədar dövlət strukturlarından Azərbaycan xalqından üzr istəməyi tələb edirik".Sonda məclisə cəm olanlar həqiqi müntəzirlik səadətinə layiq olmaq, Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) layiqli davamçılarından olmaq, ümmət qarşısında duran müşküllərin həlli, işğal altında olan torpaqların azad edilməsi, əsirlərin azad edilməsi, xəstələrin şəfa tapması, Həzrət Mehdinin (ə.f.) tezliklə zühur etməsi üçün cəmlə dualar etdilər.

0 Şərh var:

:
:
:

<< Ana səhifə