Zühur və qadınlar

Nə üçün, Həzrət Məhdinin (ə.c.) səhabələri haqqında danışarkən yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
Cavab: –Həzrət Məhdinin (ə.c.) qiyamında kişilər haqqında daha çox bəhs edilməsinin səbəbi budur ki, zühur haqqqında danışılarkən ən çox döyüş və mübarizə məsələləri açıqlanır ki, bu da demək olar ki, yalnız kişilərə aid olan işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif sahələrdə Həzrətə (ə.c.) dayaq olacaqlar.
Onu da deyək ki, bə`zi rəvayətlərdə, həzrət Məhdinin (ə.c.) 313 nəfər səhabəsi haqqında söz açılarkən orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur:
«And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi, bir yer toplaşacaqlar.»
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:
«On üç nəfər qadın daim həzrət Məhdi (ə.c.) ilə birlikdədir.»
Sonra, qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:
«Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər.»
–Həzrət Məhdinin (ə.c.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla sizə elə gəlmir ki, İmamın qoşununun sayı az görünür?
Cavab: –Xeyr. 313 nəfər zühurun əvvəlində Həzrətə (ə.c.) qoşulacaq, sonra isə günbəgün insan seli Həzrətə tərəf axışacaq.
Daha aydın desək, onlar həzrət Məhdinin (ə.c.) hökumətinin əsas özəyi olan şəxslərdir. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:
«İlahi kamala malik 313 nəfər «Həcərül-əsvəd»lə «Məqami-İbarahim»in arasında həzrət Məhdi (ə.c.) ilə bey᾽ət edəcək. Onlar, Həzrət Məhdi (ə.c.) dövlətinin məs᾽uliyyətlərinin ağır yükünü öz öhdələrinə götürmüşlər.»
Habelə buyurmuşdur:
«Rumun fəthi döyüşündə həzrət Məhdinin (ə.c.) 70000 nəfər «Əllahu Əkbər» şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk «Əllahu Əkbər» gurultulu təkbirilə Rumun üçdə bir hissəsi, ikinci təkbirlərin gurultusu ilə üçdə iki hissəsi, üçüncü ilə isə, bütün ərazisi azad olunacaq.»
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
«Kufə əhalisindən 70000 sadiq şəxs İmam Məhdini (ə.c.) himayə etmək üçün ayağa qalxacaq.»